Diqqət Əksikliyi və Hiperaktiv Pozuntu Nədir?

Diqqət Əkikliyi və Hiperaktiv Pozuntu (DƏHP, ingiliscə- Attention Deficit Hyperactivity Disorder, ADHD) neyroinkişaf vəziyyətidir. DƏHP ev, məktəb və iş də daxil olmaqla müxtəlif mühitlərdə fəaliyyət və inkişafa təsir edən davamlı diqqətsizlik, hiperaktivlik və impulsivlik nümunəsi ilə xarakterizə olunur. DƏHP-in simptomları bir çoxları tərəfindən bilinsə də, tam həcmi və mürəkkəbliyi adətən səhv başa düşülür, bu da onun diaqnostik xüsusiyyətlərini, şərtlərini və yaratdığı problemlərini anlamaqda çətinlik yaradır.

DƏHP psixi və neuroinkişaf pozuntusu olaraq təsnif edilir, yəni bu, gündəlik həyata əhəmiyyətli dərəcədə təsir edən zehni fəaliyyətlə bağlı bir vəziyyətdir. Diaqnoz və müalicə üçün mütləq peşəkar qiymətləndirmə tələb edir.

DƏHP simptomları

DƏHP simptomları iki əsas kateqoriyaya bölünür: Diqqətsizlik və Hiperaktivlik-Impulsivlik.

Diqqətsizlik
Diqqətsizliyin ümumi əlamətlərindən bəziləri bunlardır:

  • Detallara diqqət yetirməmək və ya tapşırıqlarda etinasız səhvlər etmək,
  • Məktəbdə, işdə və ya söhbətlər zamanı diqqəti saxlamaqda çətinlik,
  • Zəruri əşyaları tez-tez itirmək və ya harda qoyduğunu yada salmaqda çətinlik çəkmək,
  • Əlaqəsi olmayan stimullara görə asanlıqla diqqətin yayınması,
  • Zəngləri geri qaytarmaq və ya ödənişləri etmək kimi gündəlik işləri unutmaq.

Hiperaktivlik-İmpulsivlik

  • Tez-tez tərpənmək və ya yerində qıvrılma,
  • Həddindən artıq və ya uyğun olmayan vaxtlarda danışmaq,
  • Sualları bitirmədən əvvəl cavablandırmaq və söhbət əsasında sözü kəsmək,
  • Növbə gözləməkdə çətinlik çəkmək,
  • Başqalarına müdaxilə etmək, məsələn, icazəsiz əşyalarını istifadə etmək,
  • Uyğun olmayan yerlərdə ayağa qalxmaq və ya qaçmaq,
  • Sakit bir şəkildə oturmaq, dincəlmək və ya bir işlə məşğul olmaqda çətinlik çəkmək,
  • Sanki bir motor tərəfindən idarə olunduğunu hiss etmək, öz hərəkətlərinizi kontrol edə bilməmək.

DƏHP diaqnozu necə qoyulur?

DƏHP diaqnozu həm simptomların mövcudluğunu, həm də bir çox parametrlərdə pozulmuş funksiyanı tələb edir:

  • Kriteriyalara cavab vermək üçün simptomlar ən azı altı ay davam etməli və sosial, akademik və ya peşə fəaliyyətində əhəmiyyətli neqativ təsir etməsinə səbəb olmalıdır.
  • Həmin simptomlar 12 yaşından əvvəl mövcud olmalıdır və hər hansı başqa bir psixi və ya inkişaf pozuntusu diaqnozu daha yaxşı izah etməməlidir.
  • Hərtərəfli qiymətləndirmə çox vaxt müxtəlif mühitlərdə uşağın davranışı haqqında məlumat verə bilən valideynlər, müəllimlər və ya digər məlumat verənlərin rəyini əhatə edir. Dəqiq yaşı müəyyən etmək çətin olsa da, 12 yaşından əvvəl DƏHP əlamətlərinin olması diaqnoz üçün çox vacibdir.

Komorbid Vəziyyətlər

DƏHP digər neyroinkişaf və ya psixi sağlamlıq vəziyyətləri ilə birlikdə baş verə bilər:

  • Öyrənmə pozuntuları: DƏHP olan bir çox uşaq öyrənmə çətinlikləri yaşayır, bu da akademik performansı daha da çətinləşdirə bilər.
  • Təşviş Pozuntuları: DƏHP olan insanlar, xüsusən də sosial vəziyyətlərdə və ya akademik şəraitdə artan təşviş səviyyələri ilə qarşılaşa bilər.
  • Qarşı gəlmə Pozuntusu: DƏHP olan uşaqlar müxalif davranışlar nümayiş etdirir, o cümlədən yetkiyə sahib olan fiqurlar ilə mübahisə etmək və qaydalara qarşı çıxmaq görünən davranışlardır.
  • Əhval və Depressiya Pozuntuları: Depressiya və digər əhval pozuntuları DƏHP-i olan insanlarda, xüsusən də yetkinlik dövründə yayğındır.
  • Obsessiv-Kompulsiv Pozuntu ilə birlikdə daha yüksək nisbət var.

Bu komorbid vəziyyətlər klinik görünüşü çətinləşdirə bilər və effektiv idarə etmək üçün çoxşaxəli müalicə yanaşması tələb edir.

DƏHP spesifik öyrənmə pozuntuları, qarşıdurma davranış pozuntusu, ünsiyyət pozuntuları və ya autizm spektrum pozuntusu kimi digər vəziyyətlərlə birgə rast gəlinir. Dil, motor bacarıqları və ya sosial inkişafda gecikmələr də müşahidə oluna bilər, lakin bunlar yalnız DƏHP-ə aid deyil. Həm uşaqlarda, həm də böyüklərdə duyğuları tənzimləməkdə çətinlik, impulsiv davranışlar DƏHP-in ümumi xüsusiyyətləridir. Spesifik öyrənmə pozuntusu olmasa belə, DƏHP olan fərdlər akademik və ya peşə fəaliyyətində çətinliklərlə qarşılaşa bilər. İşçi yaddaş (Working memory), planlama, təşkilatçılıq və diqqəti qorumaq sahələrində problemlər DƏHP olan fərddə adətən qarşılaşılır, lakin bu çatışmazlıqlar diaqnostik meyar kimi istifadə edilə bilməz.

Psixoterapiya

Müalicə

Diqqət Əksikliyi və Hiperaktiv Pozuntu tamamilə müalicə edilə bilməz, çünki beynin quruluşunu dəyişdirmək mümkün deyil. Lakin simptomlar effektiv şəkildə idarə oluna bilər. Müalicə fərdin yaşına, simptomların şiddətinə və ehtiyaclarına uyğun şəkildə tənzimlənir. Əsas müalicə üsulları dərman və psixoterapiyadır.

Diaqnoz qoyulmamış DƏHP-in Riskləri
Diaqnoz qoyulmamış və müalicə olunmamış DƏHP ciddi risklər yarada bilər. Bu, uşaqlarda zəif akademik performans, davranış problemləri və sosial çətinliklərə; böyüklərdə isə zəif iş məhsuldarlığı, emosional tükənmə, maliyyə idarəsi problemləri, əlaqələrdə çətinliklər və hətta depressiya və ya təşviş pozuntuları kimi psixi sağlamlıq problemlərinə səbəb ola bilər.

Müalicə çox vaxt multidisiplinar yanaşma tələb edir və fərdin həyat keyfiyyətini artırmağa, gündəlik funksiyalarını yaxşılaşdırmağa yönəlib. Diaqnozun erkən qoyulması və düzgün müdaxilə bu riskləri azaltmağa və daha sağlam bir həyat təmin etməyə kömək edir.

error: Content is protected !!
en_USEnglish