Trixotillomaniya, Diaqnostik Xüsusiyyətlər, Diferensial Diaqnoz və Müalicə

Trixotillomaniya təkrarlanan saç çəkmə epizodlarını əhatə edir və bu davranış əhəmiyyətli dərəcədə təşviş və ya funksional pozulmaya səbəb olur.
Diaqnostik Kriteriyalar
Əsas diaqnostik kriteriyalar aşağıdakılardır:
A. Təkrarlanan şəkildə saçların qoparılması, saç tökülməsinə səbəb olması
B. Saç qoparma davranışını azaltmaq və ya dayandırmaq üçün təkrarlanan cəhdlər
C. Saç qoparma sosial, peşəkar və ya digər vacib funksional sahələrdə kliniki əhəmiyyətli təşvişə və ya pozulmaya səbəb olması
D. Saç qoparma və ya saç tökülməsi başqa bir tibbi vəziyyət (məsələn, dermatoloji xəstəlik) ilə izah edilməməsi
E. Saç qoparma başqa bir psixi pozuntunun simptomları ilə daha yaxşı izah edilməməsi (məsələn, bədən dismorfik pozuntusunda görünüşdə qüsuru düzəltməyə cəhdlər)
Diaqnostik Xüsusiyyətlər
- Saç çəkmə bədəni istənilən hissəsindən baş verə bilər, ən çox rastlanan sahələr arasında baş dərisi, qaşlar və kirpiklər yer alır.
- Şəxs saç çəkmədən əvvəl təzyiq və ya istək hissi yaşaya bilər, ardınca çəkmə sonrasında rahatlıq və ya məmnunluq hissi yaranır.
- Trixotillomaniyası olan fərdlər saç çəkmə davranışlarının fərqli dərəcələrdə fərqində ola bilər. Epizodlar fərqində və ya avtomatik ola bilər.
- Bəzi fərdlər saçını çəkdikdən sonra onu incələyərək və ya oynayaraq bu davranışı ritualizə edir.
- Trixotillomaniya tez-tez digər təkrarlayıcı davranışlarla əlaqələndirilir, məsələn, dəri dartma (dermatillomaniya) və ya dırnaqları dişləmə (onixofagiya).
Başlanğıcı və İnkişafı
Trixotillomaniyanın başlanğıcı iki zirvə dövrü ilə xarakterizə olunur: biri erkən uşaqlıq dövründə, digəri isə erkən yeniyetməlik dövründə müşahidə edilir.
Körpəlik dövründə (2 yaşdan əvvəl) saç çəkmə davranışı nisbətən yayğındır və əksər uşaqlar erkən uşaqlıq dövründə bu vərdişdən imtina edir. Bununla belə, xroniki trixotillomaniya tarixi olan bir çox yetkin şəxs erkən uşaqlıq dövründə bu davranışın başladığını bildirir. Bunun yeniyetməlik dövründə başlayan trixotillomaniyadan fərqli bir alt növ olub-olmadığı və ya hansı faktorların xəstəliyin davamlılığına təsir etdiyi hələ dəqiq məlum deyil.
Trixotillomaniyanın ən çox rast gəlinən başlanğıc dövrü erkən yeniyetməlik dövrüdür və bu, adətən, yetkinlik dövrü ilə üst-üstə düşür. Yeniyetməlikdə başlayan trixotillomaniya daha xroniki gedişata və funksional pozuntuya səbəb olur. Yeniyetmələr arasında yayılma səviyyəsi böyüklərlə oxşardır və ümumi populyasiyanın təxminən 1-2%-ni təşkil edir.
Uşaqlar və yeniyetmələr daha çox avtomatik saç çəkmə davranışına meyillidir, yəni bu davranışı fərqində olmadan edirlər. Şüurlu, məqsədli saç çəkmə isə daha çox yeniyetmələr və böyüklər arasında yayılmışdır və adətən güclü bir istək hissi ilə başlayır, rahatlama hissi ilə müşayiət olunur.
Saç çəkmənin mənfi təsiri inkişaf dövrləri boyunca daha da şiddətlənir. 10 yaşdan aşağı uşaqların akademik həyatlarına təsiri nisbətən azdır, lakin daha böyük uşaqlar və yeniyetmələr bu davranış səbəbindən məktəbə davamiyyət və akademik performansla bağlı daha çox çətinliklər yaşadıqlarını bildirirlər.
Böyüklərdə olduğu kimi, trixotillomaniyası olan uşaqlar və yeniyetmələrdə də yüksək həcmdə yanaşı psixi pozuntular müşahidə edilir. Bunlara Generalizə Olunmuş Təşviş Pozuntusu, Obsessiv-Kompulsiv Pozuntu, Dəri Dartma Pozuntusu, digər bədənə yönəlmiş təkrarlayıcı davranış pozuntuları və depressiv pozuntular daxildir. Bundan əlavə, uşaqlar və yeniyetmələrdə Diqqət Əksikliyi və Hiperaktivlik Pozuntusunun (DƏHP) yanaşı rast gəlinmə ehtimalı daha yüksəkdir.
İnkişaf və Gedişat – Xülasə
- Bu xəstəlik ümumiyyətlə uşaqlıq və ya yeniyetməlik dövründə başlayır, ən çox başlanğıc yaşı 10-13 arasında olur.
- Simptomlar artıb-azala bilər, bəzi dövrlərdə daha da pisləşə bilər.
- Bir çox şəxs utanma və qorxu hissi yaşayır, buna görə də saç tökülmələrini gizlətməyə çalışır.
- Müalicə edilmədikdə xəstəlik yetkinlik yaşına qədər davam edə bilər, amma bəzən şəxslər spontan sağalma yaşayır.
- Stress, təşviş və ya can sıxıntısı saç çəkmə epizodlarını tətikləyə bilər.
- Fokusa yönəlmiş saç çəkmə psixoloji gərginliyin artdığı dövrlərdə daha da intensivləşə bilər.
Genetik və Fizioloji
Trixotillomaniya üçün genetik meyilliliyin mövcud olduğuna dair sübutlar var. Bu pozuntu Obsessiv-Kompulsiv Pozuntusu (OKP) olan şəxslərdə və onların birinci dərəcəli qohumlarında ümumi populyasiya ilə müqayisədə daha çox rast gəlinir.
Diferensial Diaqnoz
Normativ saç çıxarma və ya manipulyasiya.
Trixotillomaniya kosmetik məqsədlə (yəni, xarici görünüşü yaxşılaşdırmaq üçün) edilən saç çıxarma ilə qarışdırılmamalıdır. Ağarmış və ya yerindən çıxmış bir tükü arada bir çəkmək normaldır və insanların əksəriyyəti bunu həyatlarının müəyyən dövrlərində edirlər. Bir çox insan saçlarını burur və ya onlarla oynayır, digərləri isə saçlarını çəkmək əvəzinə dişləyir və ya qoparır; bu davranışlar trixotillomaniya diaqnozu üçün uyğun hesab edilmir.
Digər obsessiv-kompulsiv və əlaqəli pozuntular.
Obsessiv-Kompulsiv Pozuntusu (OKP) olan şəxslər simmetriya ilə bağlı kompulsiyalarının bir hissəsi kimi saçlarını çıxara bilər. Eyni zamanda, bədən dismorfik pozuntusu olan şəxslər bədən tüklərini eybəcər, asimmetrik və ya anormal hesab edərək çıxara bilər. Bu hallarda trixotillomaniya diaqnozu qoyulmur.
Stereotipik Hərəkət Pozuntusu.
Stereotipik hərəkət pozuntusu bəzən saç çəkmə davranışını əhatə edə bilər. Məsələn, İntellektual İnkişaf Pozuntusu və ya Autizm Spektr Pozuntusu olan uşaqlar əsəbiləşdikdə və ya həyəcanlandıqda başlarını divara vurmaq, əllərini və qollarını dişləmək, saçlarını çəkmək kimi davranışlar göstərə bilər. Bu davranış funksional pozuntulara səbəb olursa, intellektual inkişaf pozuntusu və ya Autizm Spektr pozuntusu ilə birgə stereotipik hərəkət pozuntusu kimi diaqnoz qoyulur.
Psixotik pozuntu.
Psixotik pozuntusu olan şəxslər sayıqlama və ya hallüsinasiya nəticəsində saçlarını çıxara bilər. Belə hallarda trixotillomaniya diaqnozu qoyulmur.
Digər tibbi vəziyyətlər.
Əgər saç çəkmə və ya saç tökülməsi başqa bir tibbi vəziyyətə aid edilə bilirsə (məsələn, dəri iltihabı və ya digər dermatoloji xəstəliklər) trixotillomaniya diaqnozu qoyulmur.
Substansiya ilə əlaqəli pozuntular.
Bəzi maddələr, xüsusilə stimulyatorlar, saç çəkmə simptomlarını artıra bilər. Lakin substansiyalar nadir hallarda davamlı saç çəkmənin əsas səbəbi olur.
Komorbidlik (Yanaşı Pozuntular)
Trixotillomaniya çox vaxt digər psixi pozuntularla müşayiət olunur. Ən çox müşahidə edilən yanaşı pozuntular Major Depressiv Pozuntu və Dərini dartma pozuntusudur. Saç çəkmə və ya dəri çeynəmədən əlavə digər təkrarlayıcı bədənə yönəlmiş davranışlar (məsələn, dırnaq yemə) trixotillomaniya olan şəxslərin əksəriyyətində mövcuddur.

Koqnitiv Davranış Terapiyası ilə Müalicə
CBT Trixotillomaniya ən təsirli müalicə üsullarından biridir. Bu terapiya bədənə yönəlmiş təkrarlanan davranışların müalicəsində geniş şəkildə qəbul edilir. Müalicənin strukturu fərdə görə dəyişə bilsə də, standart proses aşağıda qeyd olunub:
- Vərdişin dəyişdirilməsi təlimi (Habit Reversal Training – HRT)
- Fərdin saç çəkmə davranışı ilə bağlı fərqindəliyini artırmaq
- Alternativ, uyğun davranışlar inkişaf etdirmək
- Sosial dəstək və müsbət gücləndirmə tətbiq etmək
- Stimulus kontrol müdaxilələri
- Ətraf mühitin saç çəkmə davranışını azaltmaq üçün dəyişdirilməsi
- Riskli vəziyyətlərdə fidget oyuncaqları kimi alternativlərdən istifadə (və digər alternativlər)
- Koqnitiv terapiya
- Problemli düşüncə və inancları müəyyənləşdirmək
- Onları daha uyğun düşüncə və inanclarla əvəz etmək
- Koqnitiv restrukturizasiya, sokratik sorğulama və yönləndirilmiş özünü dialoq tətbiq etmək
- Rahatlama texnikaları
- Stresi azaltmaq üçün diafraqmatik nəfəsalma və proqressiv əzələ relaksasiyası tətbiq etmək
- Təkrarlanmanın qarşısını alma strategiyaları
- Müalicədən sonra simptomların geri qayıtmasını azaltmaq üçün planlar qurmaq
©️Bu məqalə yalnız məlumatlandırıcı məqsədlidir, DSM-5-TR və ICD-11 əsasında hazırlanmışdır və bütün müəllif hüquqları Sabina Nazarovaya məxsusdur.
Leave a Reply