Yemək Yemə Pozuntuları Nələrdir?
Yemək yemə pozuntuları (İngiliscə, Eating Disorder, ED) qidalanma davranışlarında şiddətli və davamlı pozuntular və bununla əlaqədar narahatlıq doğuran fikir və emosiyalarla xarakterizə olunan davranış hallarıdır. Bu pozuntular fərdin fiziki, psixoloji və sosial funksiyalarına təsir edən çox ciddi şərtlər ola bilər.
Aşağıda DSM V-da müəyyən edilmiş spesifik və təyin olunmamış yemək yemə pozuntuları təsvir edilib.
Spefisik Yemək Yemə Pozuntuları
Pika Sindromu
Ən azı bir ay ərzində mədəni cəhətdən dəstəklənməyən və fərdin inkişaf səviyyəsinə uyğun olmayan qeyri-ərzaq məhsullarının (məsələn, kağız, təbaşir, torpaq) davamlı istehlakıdır.
Ruminasiya Sindromu
Yeməyin çeynənib udulduqdan sonra yenidən ağıza gətirilməsi, çeynənməsi və ya yenidən udulması ya da tüpürülməsi bura daxildir. Diaqnostika üçün bu davranış ən azı bir ay davam etməli və tibbi vəziyyət və ya digər yemək yemə pozuntularından qaynaqlanmamalıdır.
Avoidant/Restrictive Qida Qəbul Pozuntusu (İngiliscə ARFID)
Qidalanmaya marağın olmaması, tekstura və dada həssaslıq, mənfi nəticələrdən qorxma (məsələn, boğulma və ya qusma) xüsusiyyətləri ilə özünü göstərir. AFRID fərdlərdə zəif böyümə və inkişafa səbəb olur.
Anoreksiya Nervoza
Şiddətli qida məhdudiyyətinə və təhlükəli dərəcədə aşağı bədən çəkisinə səbəb olan kökəlmək qorxusudur. Adətən pozulmuş bədən imici və əhəmiyyətli sağlamlıq riskləri ilə müşayiət olunur.
Bulimiya Nervoza
Tıxanarcasına yemək yemə epizodlarının ardınca özünü qusdurma, oruc, həddindən artıq məşq kimi davranışları əks etdirir.
Tıxanarcasına Yemək Yemə Pozuntusu və ya Binge Eating
Fərdin kontrolu xaricində həddindən artıq tıxanarcasına təkrarlanan qıda qəbulu kimi təsvir olunur. Bulimiyadan fərqli olaraq kompensasiya davranışları göstərmir.
Digər Spesifik Yemək Yemə Pozuntuları
Ciddi dərəcədə təşviş, diskomfort və ya dəyərsizliyə səbəb olan, lakin yuxarıda göstərilən pozuntular üçün tam meyarlara cavab verməyən yemək yemə pozuntularına aşağıdakı nümunələr daxildir:
Atipik Anoreksiya Nervoza
Əhəmiyyətli dərəcədə aşağı bədən çəkisi istisna olmaqla anoreksiya nervozanın bütün simptomları mövcuddur.
Aşağı Tezlik/Müddət Bulimiya Nervoza
Tıxanarcasına və fərdin nəzarəti xaricində qidalanmanın ardından gələn kompensasiya davranışları daha az və ya üç aydan az müddət ərzində baş verir.
Aşağı Tezlik/Müddət Tıxanarcasına Yemək Yemə Pozuntusu
Rəsmi diaqnoz üçün tələb olunandan daha az tezlikdə tıxanarcasına yemək yemə epizodları olur, lakin fərdin həyatına əhəmiyyətli dərəcədə təsir göstərir və təşviş yaradır.
Gecə Yemək Yemə Sindromu
Gecə vaxtı həddindən artıq qidalanma epizodları narahatlıq və ya disfunksiyaya səbəb olur.
Müəyyən Edilməmiş Qidalanma və ya Yemək Yemə Pozuntusu
Bu əlavə qidalanma və ya yemək yemə simptomları narahatlıq və ya pozuntuya səbəb ola bilər, lakin hər hansı bir spesifik pozuntu üçün diaqnostik meyarlara uyğun gəlmir.
Piylənmə və ya obezlik mental sağlamlıq pozuntularına daxil deyil.
Müalicə
Əksər Yemək Yemə Pozuntularının müalicəsinə dietoloq görüşləri, farmakologiya və danışıq terapiyası (fərdi, qrup və ailə terapiyası) daxildir. Müalicənin təfərrüatları yemək pozuntusunun növündən və şiddətindən asılıdır.