Derealizasiya\ Depersonalizasiya Nədir? DPDR, Diaqnostik Kriteriya və Müalicə
Depersonalizasiya və Derealizasiya Pozuntusu (DPDR) fərdin özünü və ətraf mühitini qeyri-real və ya uzaq kimi hiss etməsinə səbəb olan bir psixi sağlamlıq vəziyyətidir. Bu pozuntu, şəxsiyyətin və ətraf dünyasının qeyri-real və ya yabancılaşmış hissi ilə xarakterizə olunur və adətən travma, stres və ya digər psixoloji amillərlə əlaqələndirilir.

Diaqnostik Kriteriyalar
Depersonalizasiya, derealizasiya və ya hər ikisinin davamlı və ya təkrarlanan təcrübələri:
- Depersonalizasiya: Şəxs öz düşüncələri, hissləri, hissiyatları, bədəni və ya hərəkətləri ilə bağlı ayrılma və ya reallıqdan uzaqlaşma hissi yaşayır. Bu, aşağıdakı şəkildə özünü göstərə bilər:
- Perseptual dəyişikliklər
- Zamanın təhrif olunmuş hissi
- Özünün qeyri-real və ya mövcud olmama hissi
- Emosional və/və ya fiziki uyuşma
- Derealizasiya: Şəxs ətraf mühitindən ayrılma və ya əlaqəsizlik hissi yaşayır. Bu, aşağıdakı şəkildə təzahür edə bilər:
- İnsanlar və ya əşyalar qeyri-real, yuxu kimi, dumanlı, cansız və ya vizual olaraq təhrif olunmuş görmə.
Depersonalizasiya və ya derealizasiya təcrübələri zamanı, reallıq testi qorunur, yəni şəxs öz təcrübələrinin qeyri-real olduğunu bilir.
Bu simptomlar şəxsin sosial, peşə və ya digər vacib fəaliyyət sahələrində əhəmiyyətli bir narahatlıq və ya pozulma yaradır.
Bu pozuntu, maddələr (məsələn, narkotiklər, dərmanlar) və ya digər tibbi vəziyyətlər (məsələn, tutmalar) kimi fizioloji təsirlərə aid edilə bilməz.
Bu pozuntu digər bir psixi pozuntu (məsələn, Şizofreniya, Panik pozuntu, Böyük Depressiv Pozuntu, Akut Stress Pozuntusu, Posttravmatik Stress Pozuntusu və ya Başqa dissosiasiya Pozuntusu) ilə daha yaxşı açıqlana bilməz.
Diaqnostik Xüsusiyyətlər
Depersonalizasiya
Depersonalizasiya epizodları fərdin öz bütövlüyündən və ya özünün bəzi aspektlərindən ayrılma, qeyri-reallıq və ya yadlaşma hissi ilə xarakterizə olunur. Şəxs öz varlığından tamamilə ayrılmış kimi hiss edə bilər. O, sanki bədəni ilə ruhu arasında bir əlaqə qalmadığını düşünə bilər. Bəzən insan aynaya baxaraq öz üzünü tanımaya bilər və ya öz səsini yad kimi eşidə bilər.
Bəzi insanlar “Mən bir personajam, reallıq isə bir film kimidir”, “Öz bədənimi idarə edən mən deyiləm, sanki başqa biri bunu edir” kimi ifadələrlə bu hissləri təsvir edirlər.
Fərd öz hisslərindən, düşüncələrindən və ya bədən hissələrindən ayrıldığını hiss edə bilər:
- Hisslərdən ayrılma: “Mənim hisslərim var, amma onları hiss etmirəm.” “Mən bilirəm ki, onu itirmişəm və kədərlənməliyəm, amma heç nə hiss etmirəm. Sanki bu, mənim başıma gəlməyib.”
- Düşüncələrdən ayrılma: “Düşüncələrim mənə aid deyil.”, “Başım pambıqla doludur.”
- Bədən və hisslərdən ayrılma: “Əllərim mənə aid deyil”, “Bədənim yad bir insana məxsusdur.”
- Agentlik hissinin azalması: Fərd hərəkətlərini idarə edə bilmədiyini və sanki avtomatik hərəkət etdiyini hiss edə bilər. “Sanki kənardan kimsə danışır, amma bu mən deyiləm.”
Depersonalizasiya təcrübəsi bəzən “ikili öz” fenomeni ilə müşayiət oluna bilər – şəxs bir hissəsinin müşahidəçi, digər hissəsinin isə iştirakçı olduğunu hiss edir. Bu fenomen ən ekstremal formada bədənin xaricində təcrübə (out-of-body experience) kimi baş verə bilər. Məsələn, insan öz bədənindən ayrılaraq onu yuxarıdan izlədiyini düşünə bilər.
Depersonalizasiyanın simptomları əsasən üç istiqamətdə müşahidə olunur:
- Bədənə aid anomaliyalar (məsələn, özünün qeyri-real hiss edilməsi, qavrama dəyişiklikləri).
- Emosional və ya fiziki uyuşma: “Ətrafımda baş verənlərə reaksiya verə bilmirəm.”
- Zaman hissinin təhrif olunması: İnsan keçmişini yad biri kimi xatırlaya bilər və ya yaxın keçmişdə baş verən hadisələr ona illər əvvəl olmuş kimi gələ bilər.
Derealizasiya
Derealizasiya epizodları dünyadan, insanlardan, cansız obyektlərdən və ya ümumiyyətlə ətraf mühitdən ayrılma, onların qeyri-real və ya yad hiss olunması ilə xarakterizə olunur.
Fərd özünü dumanın içində, yuxuda və ya şüşə divar arxasında hiss edə bilər. Ətraf mühit süni, rəngsiz və ya cansızgörünə bilər. Məsələn, fərd evində olduğunu bilsə də, oranın özünə aid olmadığı hissinə qapıla bilər. Ya da yaxın bir dostu ilə danışarkən, onu yad bir insan kimi qəbul edə bilər.
Derealizasiya çox vaxt subyektiv vizual dəyişikliklər ilə müşayiət olunur:
- Görüntünün bulanıqlığı və ya həddindən artıq dəqiqliyi: İnsan hər şeyi bulanıq, boz və ya dumanlı görə bilər. Digər hallarda isə hər şeyin süni dərəcədə parlaq və kəskin göründüyünü hiss edə bilər.
- Görmə sahəsinin genişlənməsi və ya daralması: Bəzi insanlar sanki hər şeyin çox uzaq olduğunu və ya ətrafın “tunel” kimi daraldığını bildirirlər.
- İkiölçülülük və ya üçölçülüyün həddindən artıq olması: İnsanlar sanki düz kağızdan ibarət görünə bilər və ya əksinə, əşyalar həddindən artıq həcmli və dərinlikli hiss oluna bilər.
- Obyektlərin ölçüsünün dəyişməsi: Makropsiya (obyektlər olduğundan böyük görünür) və ya mikropsiya (obyektlər kiçik görünür) baş verə bilər. İnsan bir masaya baxaraq onun qeyri-adi böyük və ya kiçik olduğunu hiss edə bilər.
Bəzi hallarda səs qavrayışında dəyişikliklər baş verir:
- Səslər həddindən artıq boğulmuş və ya uzaqdan gəlirmiş kimi eşidilə bilər.
- İnsan tanış bir musiqinin sanki ilk dəfə eşidilən bir melodiya olduğunu hiss edə bilər.
- Kimsə onunla danışarkən, səsi dəyişmiş kimi hiss oluna bilər (məsələn, robot kimi və ya həddindən artıq süni).
Məsələn, bir şəxs küçədə gedərkən sanki hər şeyin bir teatr dekorasiyası olduğunu və ətrafdakı insanları aktyorlar kimi hiss edə bilər. Digər bir şəxs isə işdə oturarkən masanın və divarların ona həqiqi deyil, bir rəsmdəki kimi göründüyünü deyə bilər.
Depersonalizasiya/derealizasiya pozuntusu olan insanlar tez-tez simptomlarını təsvir etməkdə çətinlik çəkirlər və “dəli olduqlarını” və ya beyin zədəsi aldıqlarını düşünə bilər. Başda ağırlıq hissi, iynələnmə və ya yüngüllük kimi fiziki hisslər də yayğındır. Bir çoxları öz varlıqları barədə obsessiv düşüncələrə qapılır və ya reallığı hiss edib-etmədiklərini yoxlamaq üçün daim öz hisslərini analiz edir. Təşviş və Depressiya Pozuntuları ilə müşahidə olunur. Tədqiqatlar göstərir ki, bu insanlar emosional stimullara qarşı daha az fizioloji reaksiya verə bilər.
Pozuntunun Yayğınlığı
Depersonalizasiya/derealizasiya pozuntusunun orta başlama yaşı 16-dır, lakin bu pozuntu erkən və ya orta uşaqlıq dövründə də başlaya bilər. 20 yaşdan sonra başlanğıc hallarının 20%-dən azı, 25 yaşdan sonra isə cəmi 5%-i baş verir. 40 yaşdan sonra başlama çox nadirdir və belə hallarda beyin zədələri, epilepsiya və ya yuxu apnesi kimi tibbi səbəblər daha dərindən araşdırılmalıdır.
Pozuntunun başlanğıcı ani və ya tədricən ola bilər. Simptomların davametmə müddəti saatlardan və ya günlərdən həftələrə, aylara və ya illərə qədər dəyişə bilər. Gedişat çox vaxt davamlı olur: təxminən üçdə bir hallarda ayrı-ayrı epizodlar şəklində, digər üçdə bir hallarda başlandığı andan etibarən fasiləsiz davam edən simptomlarla, qalan hallarda isə əvvəlcə epizodik başlayıb, sonra daimi hala çevrilən bir kurs müşahidə edilir.
Bəzi insanlarda simptomların intensivliyi dalğalanma göstərə bilər, digərləri isə uzun illər və ya onilliklər boyu dəyişməyən, davamlı bir hiss yaşadıqlarını bildirir. Simptomların şiddətinə təsir edən daxili və xarici amillər fərqli olsa da, ümumi nümunələr müşahidə olunur. Stress, əhval-ruhiyyənin pisləşməsi, artan təşviş, yeni və ya həddindən artıq stimullaşdırıcı mühitlər, işıqlandırma və yuxusuzluq kimi fiziki amillər simptomları gücləndirə bilər.
Risk və Proqnostik Faktorlar
Temperamental Faktorlar
Depersonalizasiya/derealizasiya pozuntusu olan şəxslər əsasən zərərdən qaçınma (harm-avoidant) temperamentinə, yetkinləşməmiş müdafiə mexanizmlərinə və həm ayrılma, həm də həddindən artıq bağlanma sxemlərinə malikdirlər. Yetkinləşməmiş müdafiə mexanizmlərinə ideallaşdırma/devalvasiya, proyeksiya və impulsiv davranışlar daxildir ki, bunlar reallığın inkar edilməsinə və zəif adaptasiyaya səbəb olur.
Ətraf-Mühit Faktorları
Depersonalizasiya/derealizasiya pozuntusu ilə uşaqlıqda yaşanan travmalar arasında aydın bir əlaqə mövcuddur. Lakin bu travmalar dissosiativ şəxsiyyət pozuntusu kimi digər dissosiativ pozuntulara nisbətən daha az yayılmış və daha az şiddətlidir. Xüsusilə emosional istismar və emosional laqeydlik pozuntu ilə ən güclü və sabit şəkildə əlaqələndirilib. Digər stres faktorları arasında fiziki zorakılıq, ailədaxili zorakılığa şahid olmaq, ciddi şəkildə funksional olmayan və ya psixi xəstə valideynlə böyümək, eləcə də ailə üzvünün və ya yaxın bir dostun gözlənilmədən vəfat etməsi və ya intihar etməsi yer alır. Cinsi istismar isə daha nadir rast gəlinən, lakin mümkün olan bir amildir.
Pozuntunun ən çox rast gəlinən dərhal tətikləyici ağır stress (şəxslərarası, maliyyə, iş yerində), depressiya, təşviş (xüsusilə panik ataklar) və maddə istifadəsidir. Depersonalizasiya/derealizasiya simptomları xüsusilə tetrahidrokannabinol (THC), hallusinogenlər, ketamin, MDMA (“ekstazi”) və salvia kimi maddələr tərəfindən tətiklənə bilər. Marixuana istifadəsi eyni anda həm yeni panik ataklara, həm də depersonalizasiya/derealizasiya simptomlarına səbəb ola bilər.
DPDR ilə Qarışdırılan / Differensial Diaqnozlar
Xəstəlik Xəstəliyi (Hipoxondriya)
Depersonalizasiya/derealizasiya pozuntusu olan fərdlər qeyri-müəyyən somatik şikayətlər və ya beyin zədələnməsi qorxuları ilə müraciət edə bilsələr də, bu pozuntunun diaqnozu xarakterik depersonalizasiya/derealizasiya simptomlarının mövcudluğu və xəstəlik təşvişi pozuntusunun digər əlamətlərinin olmaması ilə fərqlənir.
Major Depressiv Pozuntu
Uyuşma, emosional boşluq, apatiya və yuxu halında olmaq hissləri major depressiv epizodlarda qeyri-adi deyil. Lakin depersonalizasiya/derealizasiya pozuntusunda bu simptomlar digər spesifik dissosiativ simptomlarla müşayiət olunur. Əgər depersonalizasiya/derealizasiya simptomları major depressiv epizoddan əvvəl başlayır və ya epizod başa çatdıqdan sonra da davam edirsə, diaqnoz olaraq depersonalizasiya/derealizasiya pozuntusu qoyulmalıdır.
Obsesiv-Kompulsiv Pozuntu (OKP)
Bəzi şəxslər depersonalizasiya/derealizasiya simptomlarına obsessiv şəkildə fokuslana və simptomlarını təkrar-təkrar yoxlama ritualı inkişaf etdirə bilərlər. Lakin depersonalizasiya/derealizasiya pozuntusu olan şəxslərdə obsesiv-kompulsiv pozuntunun digər spesifik simptomları müşahidə edilmir.
Digər Dissosiativ Pozuntular
Depersonalizasiya/derealizasiya pozuntusu, dissosiativ şəxsiyyət pozuntusu kimi digər dissosiativ pozuntuların kontekstində baş verməməlidir.
Panik Ataklar
Depersonalizasiya/derealizasiya panik atakların simptomlarından biridir və panik atakların şiddəti artdıqca daha çox müşahidə edilir. Bu səbəbdən, əgər depersonalizasiya/derealizasiya simptomları yalnız panik ataklar zamanı baş verirsə, depersonalizasiya/derealizasiya pozuntusu diaqnozu qoyulmamalıdır. Lakin:
- Depersonalizasiya/derealizasiya simptomları ilkin mərhələdən etibarən çox güclüdür və panik atakların intensivliyini və müddətini aşırsa,
- Panik pozuntu uğurla müalicə olunduqdan sonra depersonalizasiya/derealizasiya simptomları davam edirsə,
bu hallarda depersonalizasiya/derealizasiya pozuntusu diaqnozu qoyula bilər.
Psixotik Pozuntular
Depersonalizasiya/derealizasiya pozuntusunu psixotik pozuntulardan fərqləndirmək üçün reallıq yoxlamasının qorunub-qorunmaması əsas meyardır. Əgər fərd bu hisslərin qeyri-real olduğunu bilirsə, bu depersonalizasiya/derealizasiya pozuntusudur; əgər bu hisslər sayıq inanc səviyyəsindədirsə, psixotik pozuntu ehtimalı nəzərdən keçirilməlidir.
Substansiya/Medikamentlə Bağlı Pozuntular
Depersonalizasiya/derealizasiya simptomları maddələrin fizioloji təsiri nəticəsində (intoksikasiya və ya abstinensiya dövründə) yaranırsa, diaqnoz substansiya/medikamentlə bağlı dissosiativ pozuntu kimi qoyulmalıdır. Bu simptomlar ən çox marixuana, hallusinogenlər, ketamin, MDMA (“ekstazi”) və salvia kimi maddələrin istifadəsi ilə ortaya çıxır.
DPDR hallarının təxminən 15%-i bu cür maddələrin qəbulu ilə tetik edilir. Əgər simptomlar maddə istifadəsi dayandırıldıqdan sonra uzun müddət davam edirsə, depersonalizasiya/derealizasiya pozuntusu diaqnozu qoyula bilər. Belə şəxslər adətən bu maddələrə qarşı fobiya və ikrah hissi inkişaf etdirir və onları yenidən istifadə etmir.
Travmatik Beyin Zədəsi (TBZ)
Travmatik beyin zədəsindən sonra depersonalizasiya/derealizasiya simptomları inkişaf edə bilər, lakin bu zaman simptomların TBZ-dən dərhal sonra başlaması və depersonalizasiya/derealizasiya pozuntusunun digər simptomlarının olmaması diaqnostik fərqləndirici meyarlardır.
Başqa Tibbi Şəraitlərə Bağlı Dissosiativ Simptomlar
Əgər simptomlar 40 yaşdan sonra başlayırsa və ya atipik xüsusiyyətlərə malikdirsə, altda yatan tibbi vəziyyətin olub-olmadığını yoxlamaq vacibdir. Bu cür hallarda dərin tibbi və nevroloji müayinə aparılmalıdır. Lazım gələrsə, aşağıdakı diaqnostik testlərdən istifadə edilə bilər:
- Standart laborator müayinələri
- Virus analizləri
- Elektroensefaloqrafiya
- Vestibulyar və vizual testlər
- Yuxu tədqiqatları
- Beyin görüntüləmə metodları
Əgər epilepsiya şübhəsi varsa, xüsusilə temporal, parietal və frontal lob epilepsiyaları ilə bağlı ambulator EEQ monitorinqi tövsiyə edilə bilər.
Koqnitiv Davranış Terapiyası ilə Müalicə
KDT düşüncə, davranış və emosional reaksiyaları dəyişdirməyə yönəlmiş elmi əsaslı psixoloji müalicə üsuludur. Terapiya mərhələli şəkildə aparılır:
1. Qiymətləndirmə və Müalicə Formalaşdırılması
- İlk sessiyalar zamanı cari problemlər, fərdi tarix və psixoloji nümunələr araşdırılır.
- Düşüncələr, emosiyalar və davranışlar arasındakı əlaqəni anlamaq üçün hadisənin formalaşdırılması aparılır.
- Müalicənin məqsədləri fərdi ehtiyaclara uyğun olaraq müəyyən edilir.
2. Psixoedukasiya (Maarifləndirmə)
- Pasiyent KDT modelini və düşüncə, davranış və emosiyaların qarşılıqlı təsirini öyrənir.
- Avtomatik düşüncələr və onların emosional vəziyyətə təsiri izah edilir.
- Koqnitiv təhriflər (çarpıdılmış fikirlər) və uyğun olmayan davranış nümunələri haqqında məlumat verilir.
3. KDT Müdaxilələri
Koqnitiv Müdaxilələr:
- Mənfi avtomatik düşüncələrin müəyyən edilməsi və yenidən qurulması.
- Koqnitiv təhriflərin aradan qaldırılması və daha uyğun düşüncə modellərinin inkişaf etdirilməsi.
Davranış Müdaxilələri:
- Passivlik və çəkinməni azaltmaq üçün davranış aktivləşdirmə texnikaları.
- Qorxu və təşvişlə mübarizə üçün məruz buraxma terapiyası.
- Problemlərin həlli bacarıqlarının gücləndirilməsi.
Emosional Tənzimləmə:
- Stressin idarə olunması və emosional fərqindəliyin artırılması.
- Rahatlama və mindfulness texnikaları ilə emosional tənzimləmənin yaxşılaşdırılması.
4. Bacarıqların Tətbiqi və İrəliləyişin Qiymətləndirilməsi
- KDT aktiv və məqsədyönlü terapiyadır, real həyatda bacarıqların tətbiqini tələb edir.
- Sessiyalararası tapşırıqlar öyrənilmiş bacarıqların möhkəmlənməsinə kömək edir.
- Davamlı olaraq irəliləyiş izlənilir və terapiya strategiyaları fərdi ehtiyaclara uyğunlaşdırılır.
5. Müalicənin Bitirilməsi və Geriləmənin Qarşısının Alınması
- Terapiyanın son mərhələsində uzunmüddətli dəyişikliklərin qorunması üzərində işlənilir.
- Gələcəkdə çətinliklərin öhdəsindən gəlmək üçün fərdi strategiyalar hazırlanır.
Bu məqalədə qeyd olunan diaqnostik meyarlar DSM-5-ə əsaslanır, digər məlumatlar isə elmi tədqiqatlara və sübutlara əsaslanan faktlardır. Müəllif hüquqları qorunur.
Bir cavab yazın